Gənclik Könüllü Tələbə İdman Cəmiyyəti
“Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti 1936-cı ildə yaradılmış “Burevestnik” Tələbə İdman Cəmiyyətinin varisi olaraq 1987-ci ildən fəaliyyətini müstəqil şəkildə davam etdirir. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının tabeliyində olan “Gənclik” KTİC ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrini dərsdənkənar vaxtlarda idmanın müxtəlif növlərinə cəlb edərək onların fiziki inkişafına, sağlam həyat tərzinin formalaşmasına və idman ustalıqlarının artırılmasına xidmət edir. 1995-ci ildən etibarən təşkilat Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə birgə razılaşdırılmış təqvim planına əsasən Respublika Universiadası və digər kütləvi idman tədbirləri keçirir. 1995–2025-ci illər ərzində 15 Respublika Universiadası, 15 Spartakiada və 221 respublika çempionat/birinciliyi təşkil olunaraq 58 mindən çox tələbə idmançı bu yarışlara cəlb edilib. “Gənclik” KTİC 1999-cu ildən FISU, 2008-ci ildən isə EUSA-nın üzvüdür. 2025-ci il 17-25 iyul tarixlərində EUSA tərəfindən Xorvatiyanın Zaqreb şəhərində keçirilən tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatında komandamız ölkəmizi layiqincə təmsil edərək qızıl medal qazanmışdır. Ümumilikdə idmançı tələbələrimiz beynəlxalq arenalarda 17 qızıl, 16 gümüş və 22 bürünc medal qazanaraq ölkəmizi uğurla təmsil etmişdir. Təşkilat dövlət və qeyri-dövlət idman qurumları ilə əməkdaşlıq edərək tələbə-gənclərin beynəlxalq yarışlarda iştirakını təmin edir və tələbə idmanının inkişafına töhfə verməyə davam edir.