Gəncə Basketbol Klubu (Gəncə BK) Azərbaycanın Gəncə şəhərini təmsil edən peşəkar basketbol klubudur. Klub 2019-cu ildə yaradılıb və hazırda Azərbaycan Basketbol Liqasında çıxış edir. Qısa müddət ərzində Gəncə BK ölkə basketbolunda özünəməxsus yer qazanaraq uğurlu nəticələri ilə diqqət çəkib. Komanda qurulduğu ilk gündən etibarən inkişafyönümlü strategiya seçib, yerli və xarici basketbolçuların vəhdəti ilə rəqabətədavamlı heyət formalaşdırıb.
Tarixi nailiyyətlər
Gəncə Basketbol Klubunun ən böyük uğurlarından biri 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olmasıdır. Bu qələbə klub tarixində mühüm mərhələ olmaqla yanaşı, Gəncə basketbolunun ölkə səviyyəsində gücünü nümayiş etdirib.
Yeni mərhələ
Klubun inkişaf yolunda növbəti mühüm addım 2025-ci ildə atılıb. Həmin il Gəncə BK-nın idarəçiliyi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə verilib və klub Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına üzv olub. Bu addımlar klubun institusional inkişafına, idman sahəsində əməkdaşlıqların genişlənməsinə və yeni perspektivlərin açılmasına böyük töhfə verib.
Məşqçilər korpusu
Hazırda komanda türkiyəli baş məşqçi Halil Altının rəhbərliyi altında çıxış edir və müasir basketbol üslubu, intizamlı oyun və yüksək mübarizə ruhu ilə seçilir ki, bu da Gəncə BK-nın liqada stabil və iddialı çıxış etməsinə imkan yaradır. Komandanın köməkçi məşqçiləri Gəncə basketbolunun inkişafında böyük və danılmaz əməyi olan, uşaq, yeniyetmə və gənclər arasında bu idmanı sevdirib inkişaf etdirən, Azərbaycan Respublikasının əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçisi Rizvan Səfərov, həmçinin Türkiyədən olan mütəxəssislər Yusuf Aydilek və Mustafa Yıldızdır.
Cari mövsüm göstəriciləri
Klub cari mövsümdə bir çox əcnəbi və yerli basketbolçuları, o cümlədən Milli komandanın oyunçularını cəlb etməklə heyətini gücləndirmişdir. Hazırda Gəncə BK Azərbaycan Basketbol Liqasının A qrupunda 4-cü pillədə qərarlaşıb və pley-off uğrunda mübarizəni davam etdirir. Azərbaycan Kubokunda isə komanda uğurlu çıxış edərək 1/4 final mərhələsinə yüksəlib.
Azarkeşlər və gələcək hədəflər
Gəncə Basketbol Klubu doğma şəhərin sadiq azarkeşlərinin böyük dəstəyi ilə hər oyuna maksimum motivasiya ilə çıxır. Klubun əsas məqsədi Azərbaycan Basketbol Liqasında daha yüksək mövqelər uğrunda mübarizə aparmaq, gənc basketbolçuların inkişafına dəstək olmaq və Gəncə adını həm ölkə daxilində, həm də beynəlxalq arenada layiqincə təmsil etməkdir.
Gəncə BK bu gün Gəncə şəhərinin idman mühitində xüsusi mövqeyə malikdir.













