Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ), Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Azərbaycan İdman Akademiyasının (ASA) dəstəyi ilə ölkəmizi beynəlxalq idman turnirində təmsil edən Azərbaycan İdman Akademiyasının futzal komandası mübarizəsini uğurla davam etdirir.
İyulun 15-də start götürən, Avropa Universitetləri İdman Assosiasiyasının (EUSA) təşkilatçılığı iləİtaliyanın Salerno şəhərində keçirilən “European Universities Games – Salerno 2026” ali təhsil müəssisələrinin tələbə-idmançılarını bir araya gətirən nüfuzlu beynəlxalq idman turniridir.
Təmsilçimiz qrup mərhələsində keçirdiyi 4 oyunda 3 qələbə və 1 məğlubiyyətlə qrup lideri kimi turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb.
1/4 final mərhələsində komandamız Portuqaliyanın Polytechnic Institute of Leiria komandası ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Təmsilçimiz yarımfinal mərhələsindəİspaniyanın University of Seville komandası ilə qarşılaşacaq. Oyun iyulun 23-də Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Xatırladaq ki, “European Universities Games – Salerno 2026” beynəlxalq idman turnirinə iyulun 25-də yekun vurulacaq. Turnirin futzal yarışlarında Avropanın müxtəlif universitetlərini təmsil edən 20 komanda çempionluq uğrunda mübarizə aparır.
Təmsilçimizə yarımfinal görüşündə uğurlar arzulayırıq.
















