Qazaxıstanın paytaxtı Astana şəhərində “Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının Kuboku” uğrunda ilk beynəlxalq futzal turniri (TURKIC CUP 2026) keçirilib.
Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatına (TDHİT) üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın həmkarlar ittifaqlarının komandalarının iştirak etdiyi turnir dostluq, qardaşlıq və həmrəyliyin möhkəmləndirilməsi, həmkarlar ittifaqları arasında əməkdaşlığın genişləndirilməsi və sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil olunub.
Turnirin açılışında Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri, TDHİT-nin Baş katibi Satıbaldı Dauletalin çıxış edərək yarışın əhəmiyyətindən, onun həmkarlar ittifaqları arasında əlaqələrin gücləndirilməsinə və qarşılıqlı əməkdaşlığın inkişafına töhfəsindən danışıb, iştirakçı komandalara uğurlar arzulayıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, TDHİT-nin vitse-prezidenti Sahib Məmmədov çıxışında Türk dövlətlərinin dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarının müdrik siyasəti və siyasi iradəsi sayəsində bütün sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, ortaq tarixə və milli-mədəni dəyərlərə malik ölkələrimizin həmkarlar ittifaqları arasında da əlaqələr getdikcə dərinləşir. Turnirin dostluq və həmrəylik baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayan Konfederasiya sədri belə layihələrin gələcəkdə də davam etdirilməsinin önəmini diqqətə çatdırıb.
Sonra turnir start götürüb. İki gün davam edən yarış maraqlı və idman mübarizəsi şəraitində keçib.
Turnirin yekununda qalib komandalara kubok, medal və hədiyyələr təqdim olunub.












