Heydər Əliyev Beynəlxalq Aeroportunda karate üzrə milli yığmamızın üzvlərini qarşılayan arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) nümayəndələri də olub.
Mədinə Sadıqova ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı üçün dövlətimizə, dövlətimizin başçısına idmançılar adından minnətdarlığını ifadə edib və yarışlara hazırlıq prosesində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Mən həm də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında məşqçi-müəllim kimi fəaliyyət göstərirəm. Yarışlara ciddi şəkildə hazırlaşmışdım. İslam Oyunlarında qazandığım uğurdan sonra növbəti hədəfim Avropa çempionu olmaq idi. Hədəfimə nail oldum. Mənə dəstək olan məşqçilərimə, komanda yoldaşlarıma, Azərbaycan Karate Federasiyasına və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürümü bildirirəm. Vətənimdə bu cür coşğu ilə qarşılanmaq mənim üçün qürurvericidir”.
Qadınlar arasında karate üzrə 55 kiloqram çəki dərəcəsində ilk dəfə qızıl medal qazanan idmançımız final görüşünün çətin keçdiyini deyib: “Rəqibimə bələd idim, bir-birimizi yaxşı tanıyırdıq. Görüşün İlk əvvəl hesabda geri olsam da, sonda 9:6 hesabı ilə qalib gələrək Avropa çempionu titulunu qazanmağa nail oldum”.
Avropa çempionunun məşqçisi Seymur Xudaverdiyev gənc idmançının uğurlarının davamlı olacağına inandığını bildirib: “Mədinə çox intizamlı idmançımızdır. Onun Avropa çempionu olacağına hamımız inanırdıq. O da bu ümidlərimizi doğrultdu. Dünya çempionatında da idmançımızın uğur qazanacağına inanırıq”.
Qeyd edək ki, Mədinə Sadıqova 55 kiloqram çəki dərəcəsində böyüklər arasında Avropa çempionu titulunu qazanan ilk azərbaycanlı qadın karateçidir.

















