Gürcüstanın paytaxtı Tbilisi şəhərində Dünya Karate Federasiyasının (WKF) təşkilatçılığı ilə keçirilən nüfuzlu “Karate 1 Series A” beynəlxalq turnirində Azərbaycan karateçisi Mədinə Sadıqova uğurlu çıxışı ilə diqqət mərkəzində olub.
Azərbaycan millisinin və AHİİTA-nın üzvü olan Mədinə Sadıqova qadınlar arasında 55 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək final mərhələsinə yüksəlib. Həlledici görüşdə İran təmsilçisi ilə qarşılaşan idmançımız gərgin mübarizə şəraitində keçən döyüşdə ikinci yeri tutaraq gümüş medala layiq görülüb.
Qeyd edək ki, “Karate 1 Series A” turniri dünya karate təqvimində ən mötəbər yarışlardan biri hesab olunur. Yarışda 70-dən çox ölkəni təmsil edən 1200-ə yaxın idmançı iştirak edir ki, bu da turnirin rəqabət səviyyəsinin yüksəkliyini bir daha nümayiş etdirir.
Bu uğur Azərbaycan karate məktəbinin beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə mühüm töhfə olmaqla yanaşı, milli komandamızın gələcək yarışlar üçün potensialını da ortaya qoyur.
Mədinə Sadıqovanı və onun şəxsi məşqçisi, əməkdar məşqçi Seymur Xudaverdiyevi bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, gələcək yarışlarda yeni qələbələr arzulayırıq.














