2025-ci il 8 iyun tarixində Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Altıağac Milli Təbiət Qoruğunda möhtəşəm piyada yürüş (hiking) keçirilib.
Tədbirdə 50 nəfər iştirakçı 12 kilometrlik marşrut üzrə füsunkar təbiəti kəşf edib, həm istirahət edib, həm də sağlam həyat tərzinə töhfə verib. Gözəl hava şəraiti və tətil gününün ruhu iştirakçıların yolunu daha da mənalı edib.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) alpinistləri də bu yürüşdə fəal iştirak edərək, təbiətə bağlılıqlarını və fiziki aktivliyə verdikləri önəmi bir daha nümayiş etdiriblər.
Tədbir öncəsi iştirakçılara təhlükəsizlik və dağlıq ərazilərdə davranış qaydaları barədə məlumat verilib. Maarifləndirici və ruhlandırıcı bu gün hər bir iştirakçının yaddaşında xoş xatirə kimi qalacaq.
Azərbaycan Alpinizm Federasiyası yürüşün sonunda təşəkkürünü bildirərək, növbəti bayram və həftəsonlarında bu cür ekoloji tədbirlərin davam edəcəyini qeyd edib.
AHİİTA olaraq biz də bütün təbiətsevərləri dağlara doğru sağlam addımlar atmağa və ekoloji dəyərləri paylaşmağa çağırırıq!