19 iyul 2025-ci il tarixində “Qəbələ – İdman Paytaxtı 2025” layihəsi çərçivəsində Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunun Vəndam kəndində yerləşən Qazan şəlaləsinə hiking (piyada yürüş) həyata keçirilib.
Tədbirin əsas məqsədi sağlam həyat tərzini təşviq etmək, ekoloji şüuru artırmaq və regionun təbii gözəlliklərini tanıtmaq olub. Vəndam kəndindən başlayan marşrut meşəlik və dağlıq əraziləri əhatə edərək təxminən 6 kilometr məsafəni qət edib. Çətinliyi orta səviyyədə qiymətləndirilən yürüş zamanı təhlükəsizlik qaydalarına tam riayət olunub.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) alpinizm üzrə məşqçi-müəllimləri Faiq Mursaqulov və Etibar Məmmədov, eləcə də AHİİTA-nın üzvləri yürüşdə fəal iştirak edərək öz peşəkarlıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, çətin relyefə malik bu marşrutu ilk dəfə uğurla keçən qrup məhz AHİİTA komandası olub! Yürüş boyunca iştirakçılar təbiətə hörmətli yanaşma və ekoloji davranış qaydaları barədə məlumatlandırılıb. Təcrübəli bələdçilərin müşayiəti ilə həyata keçirilən bu layihə regionun idman və ekoturizm potensialının inkişafına dəyərli töhfədir.