20 may 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) inzibati binasında AHİİTA ilə Azərbaycan Sambo Federasiyası arasında əməkdaşlığa dair görüş keçirilib.
Görüşdə Azərbaycan Sambo Federasiyasının baş katibi Ramin Mahmudov və federasiyanın İcraiyyə Komitəsinin üzvü, əməkdar məşqçi Səhliman Ağayev iştirak edərək sambo idman növünün inkişafı və gələcək perspektivlərindən danışıblar.
AHİİTA-nın direktoru Tural Qasımov çıxışında həmkarlar ittifaqları sistemində idmanın inkişafı, xüsusilə sambonun kütləviləşməsi, gənclərin bu idman növünə marağının artırılması və birgə layihələrin həyata keçirilməsi imkanlarına toxunub.
Tərəflər arasında sambo idman növünün həmkarlar arasında təbliği, birgə tədbirlərin təşkili və sosial layihələr üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Bu görüş gələcək birgə fəaliyyətlərin əsası kimi dəyərləndirilib.














