Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında (AHİİTA) əməkdaşların səmərəli fəaliyyət göstərməsi üçün müasir və komfortlu iş şəraiti yaradılıb.
Təşkilatda müasir standartlara uyğun iş otaqları, geniş iclas və təlim zalları mövcuddur. Bütün iş sahələri zəruri texniki avadanlıqlarla, internet və IP telefoniya sistemi ilə təchiz olunub ki, bu da əməkdaşların rahat və funksional fəaliyyətinə şərait yaradır.
Qeyd edilir ki, AHİİTA sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili, bədən tərbiyəsi və idman kütləviliyinin artırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Assosiasiya müxtəlif idman növləri üzrə yarışlar, spartakiadalar və universiadalar təşkil edir.
Hazırda AHİİTA-nın tərkibində şahmat və zəka oyunları, güləş növləri, döyüş növləri və fiziki hazırlıq bölmələri fəaliyyət göstərir. Cüdo, sambo, karate-do, taekvondo, sərbəst və yunan-Roma güləşi, şahmat, alpinizm, boks və bədii gimnastika üzrə yetirmələri mötəbər idman yarışlarında uğurla çıxış edirlər.
2025-ci ilin ötən dövründə Assosiasiyanın idmançıları yerli və beynəlxalq yarışlarda ümumilikdə 213 medal qazanıblar. Beynəlxalq turnirlərdə iştirak edən idmançılar 28 qızıl, 13 gümüş və 6 bürünc medal əldə edərək ölkəmizi layiqincə təmsil ediblər. Respublika səviyyəli yarışlarda isə 51 qızıl, 49 gümüş və 66 bürünc medal qazanaraq yüksək nəticələr göstəriblər.