Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) qurumun tabe təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançıları və məşqçi-müəllimləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov idmançıları və məşqçiləri qazanılan nailiyyətlərə görə təbrik edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasətinin hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan Sahib Məmmədov ölkəmizin idman uğurlarından danışıb. O, qeyd edib ki, aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan idman və olimpiya hərəkatının inkişaf səviyyəsinə görə dünyanın aparıcı ölkələrindən biridir.
Gənc nəslin sağlamlığının təmin edilməsində və vətənpərvər gənclərin yetişməsində idmanın rolunu vurğulayan Sahib Məmmədov, 44 günlük Vətən müharibəsində Qələbənin əsas amillərindən birinin də sağlam ruhlu vətənpərvər gənclər olduğunu bildirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkədə həyata keçirilən idman və gənclər siyasətinə töhfə verir, AHİİTA-nın idmançıları ölkə və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr göstərir və medallar qazanırlar.
AHİİTA-nın direktoru Tural Qasımov çıxışında idmançıların uğurları barədə geniş məlumat verib. Rumıniyada keçirilən 15-ci Avropa Karate Çempionatında qızıl medal qazanmış Fatimə Cəbrayılova diqqət və dəstəyə görə təşəkkürünü bildirib, qarşıdakı yarışlara hazırlaşdıqlarını və qələbə əzmi ilə çalışdıqlarını qeyd edib.
Boks və yunan-Roma güləşi üzrə AHİİTA-nın məşqçi-müəllimləri Ceyhun Rüstəmov və Akif Əliyev çıxışlarında dövlətin idman siyasətindən və AHİİTA-da idmançıların yetişməsi üçün yaradılan şəraitdən bəhs ediblər.
Görüşün sonunda yüksək nəticələrə görə idmançılara və məşqçi-müəllimlərə təşəkkürnamələr və mükafatlar təqdim olunub.